Profilaktik tədbirlər
Yaşadığınız ərazidə COVID-19-un yayılmasından ailənizlə birlikdə necə qoruna bilərsiniz
- COVID-19 və onun icmada yayılma halları haqqında məlumatları haradan tapa biləcəyinizi müəyyənləşdirin.
- COVID-19-un əlamətləri və simptomları barədə nə etməli olduğunuzu öyrənin:
- Özünüzü pis hiss edirsinizsə evdə qalın.
- Həkimə getməzdən öncə gəlişinizi zəng edərək bildirin.
- Vacib olmadıqca evdən çölə çıxmayın.
- Qonaqlarınızın (ziyarətçilərinizin) sayını azaldın.
- Yüksək yoluxma riski qarşısında qalan şəxslərin hansı əlavə ehtiyat tədbirlərini həyata keçirə biləcəklərini öyrənin.
- Xəstəliyin qarşısını almaq üçün addımlar atın (məsələn, özünüzü pis hiss etdiyiniz halda evdə qalın, əllərinizi tez-tez yuyun, asqırarkən və öskürərkən ağzınızı və burnunuzu birdəfəlik salfet və ya dirsək büküşünüzlə bağlayın, tez-tez toxunulan səthləri gündəlik təmizləyin).
- Ailə üzvlərinin virusa yoluxması ilə və ya yaşadığınız ərazidə COVID-19 səbəbindən gündəlik həyatın pozulması kimi mümkün hallara qarşı hazırlıq planınız olsun.
- Evdən tez-tez çıxma hallarını azaltmaq məqsədilə iki həftəlik dərman, qida və digər zəruri məhsulları tədarük edin.
- Digər şəxslərlə (ailə üzvləri, dostlar, iş yoldaşları və s.) əlaqə imkanlarını müəyyən edin.
- Evdən işləmək, uşaqların qayğısına qalmaq və planlaşdırılmış tədbirlərin ləğv edilməsi halları üçün alternativ planınız olsun.
- Ailə üzvlərinin iş yerləri və ya getdikləri təhsil müəssisələrində mümkün fövqəladə hallar planı barədə məlumatlı olun.
Evdə sağlamlığınızı qorumaq üçün 10 tövsiyə
- Evdə qalaraq işdən, məktəbdən və digər ictimai yerlərdən uzaq olun. Evdən çıxmaq vacibdirsə hər-hansı ictimai nəqliyyat, ortaq minik avtomobili və taksi istifadəsini məhdudlaşdırın.
- Simptomlarınızı diqqətlə izləyin. Simptomlarınız kəskinləşirsə, dərhal həkiminizə zəng edin və ya dövlət tərəfindən müəyyənləşdirilmiş tibb müəssisələrinə və ya təcili tibbi yardım xidmətinə müraciət edin.
- İstirahət edin və bol maye (su, çay və s.) qəbul edin.
- Qripəbənzər əlamətləriniz varsa, həkimə zəng vurun və COVID-19 virusuna yoluxma ehtimalınız olduğunu bildirin.
- Ciddi şübhəniz olduqda təcili tibbi yardım üçün 103 və ya 113 nömrəsinə zəng edin və tibb işçilərini COVID-19-a yoluxma ehtimalınız barədə məlumatlandırın.
- Öskürərkən və ya asqırarkən ağzınızı və burnunuzu birdəfəlik salfet və ya dirsək büküşünüzlə bağlayın.
- Əllərinizi tez-tez sabun və su ilə ən azı 20 saniyə ərzində yuyun və ya tərkibində ən azı 70% spirt olan əl təmizləyici (dezinfeksiyaedici) vasitələrdən istifadə edin.
- İnfeksiya əlamətləriniz varsa, mümkün qədər evdə ayrıca otaqda qalın və digər insanlardan uzaq olun, ayrıca vanna otağından istifadə edin. İnsanlarla təmasınız olacağı təqdirdə maskadan istifadə edin.
- Şəxsi əşyaları, məsələn, qab-qacaq, dəsmal və yataq dəstlərini evinizdəki insanlarla bölüşməkdən çəkinin.
- Masaüstü, süfrə və qapı tutacağı kimi ümumi istifadə olunan bütün səthləri tez-tez təmizləyin. Ev təmizləyici spreylər və ya salfetlərdən təlimatlarına uyğun istifadə edin.
- Şəxsi qulluqla bağlı hər hansı bir əlavə sualınız varsa tibb işçisi və ya yerli tibb mərkəzləri ilə əlaqə saxlayın.
COVID-19 xəstəliyinin hazırda təsdiqlənmiş xüsusi virus əleyhinə müalicəsi yoxdur. COVID-19-a yoluxan insanlar simptomları yüngülləşdirmək üçün dəstəkləyici müalicə ala bilərlər. Ağır hallarda müalicəyə həyati vacib orqanların funksiyalarının dəstəklənməsi tədbirləri daxil edilməlidir.
COVID-19-a məruz qaldıqlarını düşünən insanlar dərhal təcili tibbi yardım (103 və ya 113) xidməti ilə əlaqə saxlamalıdırlar.