Şriftin ölçüsü
Şriftin qalınlığı
Search Icon

Səhiyyə işçiləri üçün

Klinik təlimatlar, alqoritm və protokollar hər hansı nozologiya və ya sindrom zamanı düzgün yardım göstərilməsi ilə bağlı qərar qəbul etməkdə həkimə kömək edən tövsiyələrdir. Klinik təlimat və protokolların tərtib edilməsində məqsəd ən son elmi tədqiqatların nəticələrini gündəlik praktikaya tətbiq etmək, tibb işçilərini pasiyentə rasional yardım göstərməkdə kömək edəcək vəsaitlə təmin etmək və tibbi xidmət göstərilməsində yüksək standartlara nail olmaqdır. Klinik təlimat, alqoritm və protokollar həkimlərə seçim imkanı verir və hər hansı klinik situasiyada necə hərəkət etməklə bağlı istiqamətverici rol oynayır.

 

2019-cu ilin dekabr ayında yeni koronavirusun törətdiyi xəstəliklərin aşkar olunması ilə əlaqədar səhiyyənin mühafizəsi sahəsində fəaliyyət göstərən tibb və qeyri-tibb mütəxəssislərinin qarşısına virusa yoluxma riski və şübhəli olan şəxslərin, həmçinin COVİD-19 xəstəliyi inkişaf etmiş pasiyentlərin kliniki müayinəsi və təcili diaqnostikası ilə bağlı məsələlər meydana çıxmışdır. Hazırda bu xəstəliyin epidemiologiyası, kliniki xüsusiyyətləri, diaqnostikası, profilaktikası və müalicəsi haqqında məlumatlar məhdud olsa da, Çin, ABŞ, İtaliya, İran və digər ölkələrdə qazanılmış ən yaxşı təcrübələr öyrənilir və müvafiq təlimatlar və protokollar davamlı olaraq yenilənir. Məlumdur ki, koronavirus infeksiyasının yeni növünün ən geniş yayılmış klinik əlaməti pnevmoniyadır və xəstəliyin ağır formasından əziyyət çəkən pasiyentlərin əksəriyyətində kəskin respirator distress sindrom qeydə alınmışdır. Bu bölmədə təqdim olunan tövsiyələr ABŞ, Avropa və Çin dövlətlərinin  Xəstəliklərə Nəzarət Mərkəzlərinin, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri tərəfindən dərc olunmuş faktiki məlumatlara əsaslanır.

 

Klinik təlimat və tövsiyyələr ilkin səhiyyə xidmətinin həkimləri, ailə həkimləri, təcili tibbi yardım həkimləri, həkim-epidemioloqlar, virusoloqlar, infeksion profilli müalicə-profilaktika müəssisələrinin həkimləri, orta tibb personalı və infeksion stasionarların və intensiv terapiya şöbələrinin reanimatoloqları üçün nəzərdə tutulmuşdur.

QAYNAR XƏTLƏR!