Şriftin ölçüsü
Şriftin qalınlığı
Search Icon

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan işçilərin və könüllülərin əməyinin ödənilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələri işçilərinin və könüllülərin əməyinin ödənilməsini təmin etmək məqsədilə:

 

1. Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl və təsərrüfathesablı tibb müəssisələri işçilərinə dövlət tibb müəssisələrində çalışan müvafiq vəzifəyə və staja malik işçilər üçün “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli Qərarının 1-ci hissəsi ilə müəyyən edilmiş məbləğlərdə 2020-ci il aprelin 1-dən müddətli əlavə ödənilsin.

 

2. Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən könüllülərə 2020-ci il aprelin 1-dən aylıq 250 manat məbləğində mükafat ödənilsin.

 

3. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə bu Sərəncamdan irəli gələn məsələləri həll etsinlər.

 

Azərbaycan Respublikasının Baş Naziri

 

Əli Əsədov

 

Bakı şəhəri, 1 aprel 2020-ci il

01.04.2020 - 20:27

QAYNAR XƏTLƏR!