Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin dayandırılması barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının ərazisində koronavirus xəstəliyinin (COVID-19) yayılmasının qarşısının alınması, ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə:
1. 2020-ci il martın 3-dən 9-dək Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılsın və bununla bağlı bütün tədbirlər təxirə salınsın.
2. Azərbaycan Respublikasının Təhsil Nazirliyi, tabeliyində təhsil müəssisələri olan digər icra hakimiyyəti orqanları və dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər bu Sərəncamın 1-ci hissəsinin icrası ilə bağlı olan zəruri tədbirlərin görülməsini təmin etsinlər.
3. Aidiyyəti dövlət orqanları və qurumları təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin davam etdirilməsini təmin etsinlər.
4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş Naziri
Əli Əsədov
Bakı şəhəri, 2 mart 2020-ci il