Şriftin ölçüsü
Şriftin qalınlığı
Search Icon

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatı

Hazırda əksər dövlətlər və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən görülən tədbirlərə və birgə səylərə baxmayaraq koronavirus (COVID-19) infeksiyasının dünyada yayılmasının qarşısını almaq mümkün olmamışdır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, bugünədək dünyada 787 469 nəfər COVID-19 infeksiyasına yoluxmuş, 37 846 nəfər isə bu xəstəlikdən vəfat etmişdir.

 

Azərbaycan hökuməti tərəfindən görülən preventiv tədbirlərə baxmayaraq xəstəliyin ölkə ərazisində yayılması müşahidə edilir. Hazırda Azərbaycanda virusa yoluxma dinamikası gündəlik artmaqdadır. Təəssüflə bildiririk ki, xəstəliyin bu artım dinamikasına virusun aqressiv və yoluxma sürətinin yüksək olması ilə yanaşı, əhalinin əksər hissənin xüsusu rejim qaydalarının tələblərinə əməl etməməsi, digər şəxslərlə sıx təmasları, ciddi zərurət olmadığı hallarda evdən çölə çıxmaları, ictimai nəqliyyatda karantin dövrünün tələblərinə tabe olmamaları və digər mövcud qaydalara əməl etməmələri səbəb olmuşdur.

 

İnsanların bir-biri ilə yaxın əlaqələrini minimuma endirmək, bununla da infeksiyaya yoluxmanın sürətini azaltmaq məqsədi ilə ölkə ərazisindəki xüsusi rejim dövrü martın 31-dən aprelin 20-dək gücləndirilmiş, insanların fərdi evlərindən və mənzillərindən çıxışına yalnız təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə gedildikdə, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədi ilə icazə verilmişdir.

 

Əhalidən xahiş olunur ki, evdən çıxmaq zərurəti yarandıqda mütləq qaydada şəxsiyyət vəsiqəsini və ya şəxsiyyəti təsdiq edən sənədi, fəaliyyətinə icazə verilmiş sahələrdə işləyən şəxslər xidməti vəsiqələrini və ya iş yerindən bu faktı təsdiqləyən rəsmi arayışı, Azərbaycan Respublikasında akkreditasiya olunmuş diplomatik nümayəndəliklər və beynəlxalq təşkilatların əməkdaşları və onların yerli heyəti isə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartlarını özləri ilə götürsünlər.

 

Ciddi zərurət olmadan şəxsi avtomobillərdən istifadə etməmək, insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini gözləmək tövsiyə edilir.

 

Bildiririk ki, bütün tədbirlər vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, Azərbaycanın hər bir sakininin sağlamlığının qorunması məqsədilə həyata keçirilir.
Virusun qarşısının tez bir zamanda alınması, insanlar arasında daha təhlükəli fəsadlar yaratmaması üçün hər bir kəsdən karantin rejimi qaydalarına əməl etməsi, zərurət olmadıqda evdən çıxmamaq tələb olunur. Karantin rejiminin qaydalarına əməl etməyən şəxslər haqqında isə hüquqi məsuliyyət tədbirləri görüləcəkdir.

31.03.2020 - 15:16

QAYNAR XƏTLƏR!