Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatı
Azərbaycan Respublikasında 104 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınmış, həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdirilmişdir.
Koronavirus (COVID-19) üçün götürülən analiz nümunələri müsbət çıxmış 1949-cu il təvəllüdlü, şəkərli diabet və xərçəng xəstəsi olan vətəndaşın səhhətinin stabilləşdirilməsi ilə bağlı aparılan reanimasiya tədbirləri nəticə verməmiş və pasiyent vəfat etmişdir. Onun ailə üzvləri, ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilir və karantinə götürülür.
Eyni zamanda, koronavirus infeksiyasına yoluxmuş 38 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır.
Hazırkı dövrədək ölkəmizdə 926 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 101 nəfəri müalicə olunaraq sağalmış, 9 nəfər vəfat etmiş, 816 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 27 nəfərin vəziyyəti ağır, 35 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 57371 test aparılmışdır.
Mənbə: cabmin.gov.az