Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatı
Xəbər verildiyi kimi, yeni növ koronavirus (COVID-19) xəstəliyinin geniş yayılmasının qarşısının alınması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə 2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq ediləcək.
Qeyd olunan tarixlərdə sərtləşdirilmiş karantin rejiminin tətbiq edildiyi 9 şəhər və rayonda yalnız ünvana çatdırılma xidməti göstərməklə apteklərin fəaliyyətinə icazə verilmişdir.
Fəaliyyət göstərəcək apteklərin qeyd olunan tarixlərdə işləyəcək əməkdaşlarının və onların avtomobillərinin hərəkətinə işəgötürən tərəfindən məlumatlar elektron imzadan istifadə edilməklə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol veriləcək. Qeydiyyat bitdikdən sonra sərtləşdirilmiş karantin günlərində fəaliyyət göstərəcək apteklərin ünvanları, iş saatı və evə çatdırılma xidmətindən istifadə üçün telefon nömrələri barədə məlumat www.koronavirusinfo.az saytında yerləşdiriləcək.