“Prezidentin tapşırığı bu olub ki, qərar zamanı ilk növbədə vətəndaşların sağlamlığı düşünülsün” - Anar Ələkbərov
Prezidentin köməkçisi Anar Ələkbərov bir sıra media nümayəndələri ilə görüşüb.
Görüşdə TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı və Nazirlər Kabineti yanında Operativ Qərargahın tibbi eksperti Rəşad Mahmudov da iştirak edib. Prezidentin köməkçisi A.Ələkbərov çıxışında bildirib ki, görüşün məqsədi Kütləvi İnformasiya Vasitələrinin nümayəndələriylə daha sıx işləmək, onların dilindən ictimaiyyəti narahat edən problemləri dinləmək, məsələlərin həllini müvafiq qurumların qarşısında qaldırmaqdır.
A.Ələkbərov bundan sonra belə görüşlərin mütəmadi olaraq keçiriləcəyini bəyan edib. O, pandemiyaya qarşı mübarizədə ictimaiyyəti, Kütləvi İnformasiya Vasitələrini və cəmiyyətdə nüfuzu olan şəxsləri həkimlərə və dövlətə dəstək olmağa çağırıb:
"Bu məsələdə cəmiyyətin bütün təbəqələri birlik olaraq koronavirusa qarşı mübarizədə iştirak etməlidir. Həmçinin epidemioloji- sanitar qaydalara əməl etməlidir".
Prezidentin köməkçisi yanvar ayından bəri görülən işlər barədə də jurnalistləri məlumatlandırıb. O, bu sahədə hökumətin də qarşılaşdığı çətinliklər barədə danışıb və bu çətinliklərin öhdəsindən necə gəlindiyini bildirib:
"COVİD-19 dünyada yeni bir xəstəlikdir. Bu xəstəliklə dünyanın inkişaf etmiş ölkələri belə çətinlik qarşısında qalırlar. Azərbaycan isə bu mənada daha tədbirli davranıb. Bu günədək atılan bütün addımlar əvvəlcədən hazırlanan planlara uyğun olub. Hələ ki, heç bir situasiya planlaşdırmadan kənar olmayıb. Bu sahədə müalicə işlərini görən TƏBİB və hökumətin ayrı-ayrı strukturları da bu mübarizədə iştirak ediblər. Ümumilikdə çox yaxşı nəticələr göstərilib. Bəzi xırda səhvlər də olub və bunlardan da nəticə çıxarılıb. Nəticədə daha düzgün qərarlar verilib. Nazirlər Kabinetinin verdiyi və Operativ Qərargahın açıqladığı qərarlar uzun müddət bir neçə istiqamətdə verilən təkliflər, statistik rəqəmlər əsasında aparılan müzakirələr nəticəsində verilib. Bəzən Operativ Qərargahın iclasları 6-7 saat çəkib. Yekunda vahid konsensusa gəlinərək qərar verilib. Müzakirələrdə fərqli, əksəriyyətin dəstəklədiyi fikirlər də olub. Bu qərarlar heç də sıradan qərarlar deyil. Bu qərarların sosial, ictimai və iqtisadi tərəfləri uzun müddət hesablanır. Prezidentin tapşırığı o olub ki, qərar verilən zaman ilk növbədə, vətəndaşların sağlamlığı düşünülməlidir".