Şriftin ölçüsü
Şriftin qalınlığı
Search Icon

Xəstəliyin simptomları

Koronavirus (COVID-19) xəstəliyinin gedişi yüngül simptomlardan ağır xəstəlik formalarına qədər dəyişir.

 

Əgər siz COVID-19 virusunun təsirinə məruz qaldığınızı güman edirsinizsə və sizdə qızdırma, öskürək və tənəffüsün çətinləşməsi kimi simptomlar əmələ gəlibsə, təcili tibbi yardıma (103 və ya 113) müraciət edin.

Aşağıdakı simptomlar virusa yoluxduqdan sonra 2-14 gün ərzində üzə çıxa bilər*.

  • qızdırma
  • öskürək
  • tənəffüs çətinliyi

Əgər xəstələnmisinizsə

COVID-19 virusuna yoluxmusunuzsa və ya yoluxduğunuzu ehtimal edirsinizsə, xəstəliyin evinizdə və yaşadığınız ərazidə (icmada) insanlara yayılmasının qarşısını almaq üçün müvafiq tədbirlər görməlisiniz.

COVID-19-a yoluxduğunuzu düşünürsünüzsə və ya sizdə öskürək, tənəffüs çətinliyi, qızdırma kimi simptomlar varsa, məsləhət almaq üçün ərazi üzrə poliklinika həkimi və ya ailə həkiminizə müraciət edin.

Təlimatlara riayət edin. 

COVID-19-a yoluxduğunuz təsdiqlənibsə və ya virusa yoluxduğunuzu güman edirsinizsə, xəstəliyin ailənizə və ya ətrafdakılara yoluxmaması üçün aşağıdakılara riayət edin:

 

  • Evdə qalın: Tibbi yardım almaq halları istisna olmaqla evdə qalın. Koronavirus infeksiyası təsdiqlənmiş, lakin simptomsuz və ya yüngül simptomları olan xəstələr bu müddət ərzində həkim nəzarəti altında ev şəraitində qala bilər (Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı əsasında). Bu zaman evinizdən kənardakı fəaliyyətinizi məhdudlaşdırın və tibbi yardım istisna olmaqla, bayıra çıxmayın.
  • İctimai yerlərdən uzaq olun: Vacib olmadıqca, məktəbə və ya digər ictimai yerlərə getməyin.
  • İctimai nəqliyyatdan istifadə etməyin: İctimai nəqliyyat, ortaq minik vasitələri və ya taksidən istifadə etməyin. Özünüzü evinizdəki digər insanlardan və heyvanlardan təcrid edin.
  • Digər şəxslərdən uzaq durun: Mümkün olduğu qədər evinizdə xüsusi bir otaqda qalın və digər şəxslərdən uzaq durun. Bundan başqa, əgər varsa ayrı vanna otağından istifadə edin.
  • Ev heyvanları ilə təması məhdudlaşdırın: COVID-19-a yoluxmusunuzsa ətrafınızdakı digər insanlarla olduğu kimi ev heyvanları və ya digər heyvanlarla təmasınıza da məhdudiyyət qoymalısınız. Ev heyvanları və ya digər heyvanların koronavirusa yoluxduğu faktı qeydə alınmasa da, bu virus haqqında daha çox məlumat əldə edilənədək COVID-19 aşkarlanmış şəxslərin heyvanlar ilə də təmasdan çəkinmələri məsləhət görülür.
  • Əgər mümkünsə xəstə olduğunuz müddətdə heyvanlarınıza başqa şəxs qulluq göstərsin. COVID-19-a yoluxmusunuzsa, ev heyvanları ilə təmasdan, o cümlədən sığallamaq, yanınızda yatmaq, öpmək və ya yalamaq, qidanızı paylaşmaqdan çəkinin. Xəstə olduğunuz müddətdə ev heyvanınızın və ya ətrafınızdakı heyvanların qayğısına qalmaq məcburiyyətindəsinizsə, onlarla təmasdan öncə və sonra əllərinizi yuyun, qoruyucu maska taxın.

 

Xəstəsinizsə qoruyucu maska taxın

  • Xəstə olduğunuz halda: Digər insanların və ya ev heyvanlarının əhatəsində olduğunuz zaman (məsələn eyni otaqda və ya minik avtomobilində) və tibb müəssisəsinə daxil olmazdan öncə tibbi maska geyinin, əllərinizlə əşyalara və digər şəxslərə toxunmaqdan çəkinin, ictimai yerlərə daxil olarkən əllərinizi ən azı 70% spirt tərkibli məhlullarla təmizləyin.
  • Digərlərinin qayğısına qalırsınızsa: Əgər xəstə olan şəxs maska geyinə bilmirsə (tənəffüs çətinliyi və ya digər səbəbdən), o zaman həmin şəxslə yaşayan digər insanlar onunla eyni otaqda qalmamalı və ya eyni otağa daxil olan zaman maska taxmalıdır.

 

Şəxsi məişət əşyalarınızı paylaşmayın

  • Paylaşmayın: Eyni qablardan, stəkan, fincan, yemək qablarından, dəsmallardan və ya yataqdan evinizdəki digər insan və ya ev heyvanları ilə birgə istifadə etməyin.
  • İstifadədən sonra yaxşıca yuyun: Həmin əşyalardan istifadə etdikdən sonra, onları sabun və su ilə yaxşıca yuyun.

 

Xəstələndikdə nə etməli.

Hərarət (38°C və ya daha yüksək), öskürək və/və ya tənəffüs çətinliyiniz varsa:

  • Təcili tibbi yardıma (103 və ya 113) müraciət edin. Həkim müayinəsinə və ya təcili tibbi yardım müəssisəsinə getməzdən öncə zəng edib xəbərdarlıq edin, simptomlarınız və şübhələriniz barədə tibb işçisini məlumatlandırın.
  • Digər insanlarla təmasdan çəkinin.

Dializ kimi digər səbəblərə görə tibbi yardıma ehtiyacınız varsa, öncədən dializ aparan tibb müəssisəsinə və ya həkiminizə zəng edin və COVID-19 yayılmış ölkəyə yaxınlarda etdiyiniz səfər və ya yaşadığınız icmada COVİD-19 hallarının yayılması barədə məlumat verin.

QAYNAR XƏTLƏR!